
Payız və qış aylarında boğaz ağrısı çox yayılmış problemdir, amma düzgün yanaşma ilə onu bir neçə gündə yüngülləşdirmək mümkündür. Foodinfo.az xəbər verir ki, terapevt Nadejda Çernışova aif.ru-ya açıqlamasında boğaz ağrısını tez sağaltmaq üçün üç sadə üsulu açıqlayıb.
Birincisi, qidalanmaya diqqət yetirməkdir. Çernışova deyir ki, qida qastrit zamanı olduğu kimi yumşaq, isti və həzmə rahat məhsullardan ibarət olmalıdır. Acı, turş və ədviyyəli yeməklər boğazın selikli qişasını qıcıqlandıra bilər, buna görə də onlardan çəkinmək vacibdir.
İkinci üsul “aslan üzü” adlı məşqdir. Bu sadə hərəkət boğaz əzələlərində qan dövranını artırır və xəstəliyin gedişini yüngülləşdirir.
Üçüncü və eyni dərəcədə önəmli üsul isə sakitlikdir. Çernışova qeyd edir ki, danışmaq və səs tellərini çox yormaq boğazın sağalmasını ləngidir, ona görə də mümkün qədər sükut saxlamaq faydalıdır.
Mütəxəssis vurğulayır ki, bu sadə qaydaları izləməklə boğaz ağrısı həm sürətlə yüngülləşir, həm də bərpa prosesi daha rahat olur. Həmçinin, yetərli maye qəbul etmək və otağı nəmli saxlamaq da sağalmanı sürətləndirir.