
Çay Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Söhbətlərin, qonaqlıqların və gündəlik həyatın ayrılmaz hissəsi olan çayın faydaları çoxdur. Xüsusən də qara və yaşıl çay antioksidantlarla zəngin olduğu üçün bədəni sərbəst radikallardan qoruyur, həzm sisteminə, sinir sisteminə və beyin fəaliyyətinə müsbət təsir göstərir. Lakin çayın dadını artırmaq üçün ona əlavə edilən şəkər sağlamlıq üçün ciddi risklər yarada bilər.
Foodinfo.az şirin çayın sağlamlığa təsirlərini təqdim edir:
1. Artıq çəkiyə səbəb ola bilər
Şəkər çaya əlavə edildikdə onun kalori dəyəri artır. Gündə bir neçə stəkan şirin çay içən insan gün ərzində bədəninə əlavə yüzlərlə kalori qəbul edir. Bu isə zamanla piylənmə və artıq çəki problemində mühüm rol oynayır.
2. Diş sağlamlığını zəiflədir
Şəkər diş minasını zəiflədərək kariyesin yaranmasına səbəb olur. Xüsusən uşaqlarda şirin çayın tez-tez içilməsi dişlərin erkən çürüməsinə gətirib çıxarır.
3. Qan şəkərini sürətlə qaldırır
Belə çay qanda qlükozanın ani yüksəlməsinə səbəb olur. Bu, xüsusilə şəkərli diabet xəstələri üçün təhlükəlidir. Daimi istehlak insulin müqavimətinə və metabolik sindroma yol aça bilər.
4. Ürək-damar xəstəlikləri riskini artırır
Həddindən artıq şəkər damarların elastikliyini azaldır, damar sərtliyinə səbəb olur və nəticədə ürək-damar xəstəliklərinin yaranma ehtimalı artır.
5. Asılılıq yaradır
Daimi şirin çay içən insanın dad duyğusu şəkərə öyrəşir. Bu səbəbdən şəkərsiz çay içmək çətinləşir və orqanizm gündəlik daha çox şəkər tələb etməyə başlayır.
Çayın dadını qorumaq üçün şəkəri birbaşa stəkana əlavə etmək əvəzinə, çayın yanında quru meyvə, bal və ya təbii şirniyyat istifadə etmək daha sağlam seçimdir. Bununla həm çay zövqü qorunur, həm də şəkərin mənfi təsirləri azalır.