Son illər dünyada qlütenə qarşı həssaslıq və çölyak xəstəliyi halları nəzərəçarpacaq dərəcədə çoxalıb. Foodinfo.az bildirir ki, bu problem təkcə bağırsaq sistemi ilə məhdudlaşmır, həm də sinir sistemi, dəri və immunitet üzərində ciddi izlər buraxa bilər.

Mütəxəssislərin sözlərinə görə, qlüten həssaslığı olan insanlarda qarın ağrısı, köp və yorğunluqla yanaşı, baş ağrısı, dəri səpkiləri və hətta əhval dəyişiklikləri də müşahidə oluna bilər. Bu barədə Avropa Qastroenterologiya Cəmiyyətinin üzvü professor Луиджи Греко bildirib. Onun fikrincə, düzgün diaqnoz qoyulmadıqda insanlar illərlə bu simptomların səbəbini anlaya bilmirlər.

Qlüten əsasən buğda, arpa və çovdar tərkibli qidalarda olur. Çörək, makaron, müxtəlif şirniyyatlar gündəlik rasionda ən çox rast gəlinən qlüten mənbələridir. Araşdırmalar göstərir ki, həssaslığı olan şəxslər bu məhsulları çıxardıqda həm bağırsaq problemləri azalır, həm də ümumi enerji səviyyəsi yüksəlir.

Bununla belə, həkimlər qeyd edirlər ki, qlüteni tamamilə pəhrizdən çıxarmaq yalnız tibbi göstərişlə olmalıdır. Əks halda, orqanizm faydalı vitamin və minerallardan məhrum qala bilər.