
Səhər qəhvəsindən imtina etməyənlər üçün mühüm xəbərdarlıq gəlib. Foodinfo.az xəbər verir ki, rusiyalı terapevt Mariya Tolstova “Gazeta.ru”ya açıqlamasında kofemaşında hazırlanmış qəhvənin bəzi hallarda sağlamlıq üçün təhlükə yarada biləcəyini bildirib.
Onun sözlərinə görə, bu üsulla dəmlənən qəhvədə filtrasiyanın yetərli olmaması səbəbindən diterpenlər adlanan üzvi birləşmələr içkiyə keçə bilir. Bu maddələr qan damarlarında xolesterin yığılmasını sürətləndirir, nəticədə ateroskleroz, işemik ürək xəstəliyi və hətta insult riski arta bilər. Tolstova qeyd edib ki, ənənəvi üsullarla dəmlənən dənəvər qəhvədə belə risk daha az olur, çünki filtrasiya daha yaxşı aparılır.
Mütəxəssis həmçinin həddindən artıq həll olunan (toz) qəhvənin istifadəsinin də risk daşıdığını vurğulayıb. Onun tərkibində akrilamid adlı potensial kanserogen maddə iki dəfə artıq miqdarda ola bilər ki, bu da uzunmüddətli istehlak zamanı xərçəng riskini artıra bilər.
Tolstovanın sözlərinə görə, qəhvədən tamamilə imtina etmək vacib deyil, lakin sağlam qalmaq üçün mülayim istehlak, yüksək keyfiyyətli dənələrin seçilməsi və düzgün filtrasiya olunmuş aparatların istifadəsi əsas şərtlərdir. Əks halda, gündəlik sevimli içki ürək-damar sağlamlığı üçün gözlənilməz təhlükəyə çevrilə bilər.