
Qəhvə səhər enerjisinin ayrılmaz hissəsi sayılsa da, onun bütün növləri eyni dərəcədə faydalı deyil. Foodinfo.az xəbər verir ki, rusiyalı həkim-ekspert Aleksandra Fileva “Lenta.ru”ya açıqlamasında sağlamlığa ən çox zərər verə biləcək üç qəhvə növünü sadalayıb.
Antireytinqin ilk pilləsində “3-ü 1-də” adlanan hazır toz qəhvələr dayanır. Filevanın sözlərinə görə, onların tərkibində həddindən artıq şəkər, hidrogenləşdirilmiş bitki yağları və allergiyaya, eləcə də həzm sisteminin pozulmasına səbəb ola biləcək sintetik maddələr mövcuddur. Bu səbəbdən belə içkilərin mütəmadi istifadəsi orqanizmə ciddi zərbə vura bilər.
İkinci yerdə isə latte, makiato, mokkaçino kimi qaymaq və şirin siroplarla hazırlanan içkilər gəlir. Mütəxəssis xəbərdarlıq edir ki, onların yüksək miqdarda doymuş yağ, şəkər və kalori tərkibi maddələr mübadiləsinin pozulmasına, qaraciyərin piylənməsinə və xolesterinin artmasına səbəb ola bilər. Əgər bu içkilərin enerjisini gündəlik qidalanma planında nəzərə almadan qəbul etsəniz, uzunmüddətli nəticələr sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Siyahının son pilləsində isə frappuççino yer alır. Onun hazırlanmasında çoxlu şəkər, süni ətirləndiricilər və qalınlaşdırıcı maddələr istifadə olunur ki, bu da içkini daha da zərərli edir.
Fileva əlavə edib ki, aşağı keyfiyyətli həll olunan qəhvədən də fayda gözləmək olmaz. Belə məhsulların istehsalında istifadə edilən kimyəvi həlledicilər nəticəsində içkinin tərkibində kanserogen akrilamid səviyyəsi yüksələ bilər.
Mütəxəssis vurğulayıb ki, sağlam qalmaq istəyənlər qəhvənin tərkibinə diqqət yetirməli, mümkün qədər təbii dənələrdən dəmlənmiş və şəkərsiz içkilərə üstünlük verməlidirlər.