Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar tez-tez təbii üsullara müraciət edirlər və nar şirəsi bu baxımdan ən faydalı içkilərdən biri hesab olunur. Foodinfo.az xəbər verir ki, endokrinoloq və dietoloq, tibb elmləri namizədi Oksana Mixalyova “Gazeta.Ru”ya açıqlamasında nar şirəsinin damarları genişləndirərək təzyiqi aşağı sala bildiyini deyib.

Onun sözlərinə görə, nar, apelsin şirəsi, kakao və tünd şokoladın tərkibində olan bioflavonoidlər qan dövranını yaxşılaşdırır və damar divarlarını rahatlaşdırır. Mütəxəssis əlavə edib ki, təzyiqin tənzimlənməsində maqneziumun rolu da böyükdür, çünki bu mineral damarların genişlənməsinə kömək edir. Mixalyova bildirib ki, maqnezium ən çox qarabaşaqda, tam taxıllı məhsullarda, yaşıl yarpaqlı tərəvəzlərdə, qoz-fındıqda və paxlalılarda olur.

O həmçinin qeyd edib ki, rasiona meyvələr, quru meyvələr, süd məhsulları və hətta kartof daxil etməklə orqanizmə əlavə dəstək vermək mümkündür. Ekspert bildirir ki, nar şirəsi süni içkilərə nisbətən daha təbiidir və şəkərsiz, təzə sıxılmış halda orqanizmə daha güclü təsir göstərir.

Lakin o, xəbərdarlıq edir ki, nar şirəsi turş olduğu üçün mədə qıcıqlanması yaşayan insanlar onu ehtiyatla içməlidirlər. Bununla belə, mütəxəssislər nar şirəsini ürək-damar sağlamlığını qorumaq üçün sadə, əlçatan və təsirli vasitə kimi qiymətləndirirlər. Narın həm dadı, həm də müalicəvi gücü onu təzyiqi təbii yolla azaltmaq istəyənlər üçün ideal seçimə çevirir.