Gündəlik həyatımızda su seçimi düşündüyümüzdən daha böyük əhəmiyyət daşıyır. Lakin bahalı qablaşdırma və ya məşhur brend hər zaman keyfiyyətli və faydalı su demək deyil.

Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, endokrinoloq və dietoloq Anton Polyakov ən faydalı suyun oksidləşmə-reduksiya potensialı mənfi olan su olduğunu bildirib. Bu cür su xüsusi cihazlar – ionizatorlar və ya hidrogen generatorları vasitəsilə əldə olunur və antioksidant təsir göstərərək orqanizmdə iltihabı azaltmağa kömək edir.

Mütəxəssis qeyd edir ki, belə su hüceyrələrə daha asan nüfuz edir və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bunun əksinə olaraq, minerallaşdırılmamış distillə edilmiş su faydalı hesab edilmir və bəzi qablaşdırılmış sular da bu kateqoriyaya aid ola bilər.

Evdə istifadə üçün isə çoxpilləli filtrasiya sistemləri – xüsusilə beş mərhələli əks osmos qurğuları tövsiyə olunur. Bu sistemlər suyu ağır metallardan və mikroplastikdən təmizləyir. Lakin filtrdən sonra suyun yenidən minerallarla zənginləşdirilməsi daha məqsədəuyğundur.

Qiymət məsələsinə gəldikdə isə, ekspert vurğulayır ki, mağazalarda satılan suların bahalılığı çox vaxt real keyfiyyətlə bağlı olmur. Əsas fərq qablaşdırma, marka və marketinqdədir. Yalnız müalicəvi mineral sular bu baxımdan istisna təşkil edir.

Nəticə olaraq, düzgün su seçimi üçün qiymətə deyil, tərkibə və emal üsuluna diqqət yetirmək daha vacibdir.