
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Dükkan Xətai” restoranında qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı bu restoranda qida təhlükəsizliyi tələblərinin tətbiq edildiyi müəyyənləşib.
Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi prosesi çərçivəsində “Dükkan Xətai” restoranına “5 ulduz” sertifikatı təqdim edilib.
Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində restoranların reytinqi müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Həyata keçirilən qiymətləndirmə həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.
Proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar [email protected] elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır, 10 iş günü ərzində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

