
Soyuq havalarda bədəni isidən, immuniteti gücləndirən və eyni zamanda orqanizm üçün yüngül olan yeməklərin başında şorbalar gəlir. Lakin bütün şorbalar eyni dərəcədə faydalı deyil.
Foodinfo.az xəbər verir ki, bəzi şorbalar həm həzm sisteminə, həm də ümumi sağlamlığa mükəmməl təsir göstərir.
Ən faydalı şorbalardan biri tərəvəz şorbasıdır. Onun tərkibində bol miqdarda vitamin, mineral və antioksidant olduğundan orqanizmi toksinlərdən təmizləyir, immun sistemini möhkəmləndirir və bədəni enerji ilə təmin edir. Tərəvəz şorbası həmçinin az kalorilidir, buna görə arıqlamaq istəyənlər üçün də ideal seçimdir.
İkinci yerdə toyuq suyu şorbası dayanır. Bu şorba həm soyuqdəymə və qripə qarşı qoruyucu təsirə malikdir, həm də orqanizmdə iltihabları azaldır. Toyuq sümüyündən hazırlanan şorbalar kollagenlə zəngindir və sümük, dəri, oynaqlar üçün çox faydalıdır.
Mərci şorbası həm bitki mənşəli zülal, həm də lif baxımından zəngindir. O, uzunmüddətli toxluq yaradır, qan şəkərini sabit saxlayır və ürək-damar sisteminə müsbət təsir göstərir.
Dördüncü faydalı növ balqabaq şorbasıdır. Tərkibindəki beta-karotin və A vitamini sayəsində görmə qabiliyyətini qoruyur, immuniteti gücləndirir və dərini qidalandırır.
Ən sağlam şorbalar təbii ərzaqlardan, çox yağ və duz əlavə olunmadan qaynadılmış şəkildə hazırlanmalıdır. Hazır toz və ya kubik ədviyyatlar əksinə, faydadan çox zərər verə bilər.