Meyvələr faydalı hesab olunsa da, onları əsas qida mənbəyinə çevirmək düzgün deyil. Foodinfo.az xəbər verir ki, həkim-ekspert Vera Seriojina meyvə monodietasının orqanizmə mənfi təsirlərindən danışıb. Onun sözlərinə görə, belə pəhrizin əsas üstünlükləri yalnız ayrı-ayrı meyvələrin xüsusiyyətləri ilə bağlıdır. Məsələn, qarpız və yemişin sidikqovucu təsiri yayda ödemlərdən xilas olmağa kömək edə bilər, amma bu, uzunmüddətli sağlam qidalanma üçün kifayət deyil.

Mütəxəssis bildirib ki, meyvələri əsas qida kimi qəbul etmək sağlamlıq üçün təhlükəlidir. Çünki meyvələr yüksək karbohidrat tərkibli olduqlarına görə, diabet xəstələri üçün risk yaradır. Bundan əlavə, bağırsaq mikroflorası pozulmuş insanlarda meyvə pəhrizi vəziyyəti daha da ağırlaşdıra bilər.

Seriojina vurğulayıb ki, meyvənin gündəlik təhlükəsiz norması 1,5 kiloqrama qədərdir. Lakin bu miqdar da bütün günə bölünməlidir. Əgər söhbət qarpızdan gedirsə, bir dəfəyə 500 qramdan artıq yemək olmaz.

Onun sözlərinə görə, meyvələr rasionda mühüm yer tutur, amma balanslı şəkildə qəbul edilməlidir. Sağlam pəhriz üçün meyvələrdən əlavə zülal və digər qida qruplarına da diqqət yetirilməlidir.