Toyuq əti tez bişən və zərərsiz görünən bir məhsul olsa da, onun bəzi hissələri bədən üçün ciddi təhlükə daşıya bilər. Foodinfo.az xəbər verir ki, Rusiya Dövlət Maarifləndirmə Universitetinin Tibb fakültəsinin dosenti Aleksandr Umnov “NEWS.ru”ya açıqlamasında toyuğun bəzi orqanlarında istiliyə davamlı parazitlərin yaşadığını bildirib və onların qida təhlükəsizliyinə ciddi zərbə vurduğunu qeyd edib.

Mütəxəssisin sözlərinə görə, ən böyük risk toyuğun ağciyərlərində gizlənir. Bu orqanda çox zaman yüksək temperatura belə davam gətirən parazitlər və zərərli bakteriyalar yaşayır. Onlar bişirmə zamanı tam məhv olmur və bədənə düşdükdə həzm sisteminə və orqanlara ağır zərbə vura bilər. Umnov əlavə edib ki, “qızardıb yeyərəm, heç nə olmaz” düşüncəsi təhlükəlidir – çünki həmin mikroorqanizmlər bəzən qaynama temperaturundan da sağ çıxır.

Eyni zamanda, toyuğun baş hissəsində də diqqət tələb edən təhlükə var. Orqanizm boyu dövr edən toksik maddələr bu hissədə toplanır və bişirmə prosesi zamanı da yox olmur. Bu isə orqanizmdə uzunmüddətli zəhərlənmə riskini artırır. Mütəxəssis “guzka” adlanan quyruq hissəsinin də yeyilməməsini tövsiyə edir, çünki burada da parazit və bakteriyalar çox olur.

Bununla belə, toyuq orqanlarının hamısı zərərli deyil. Umnov bildirir ki, qara ciyər az miqdarda qəbul edildikdə faydalıdır, çünki burada mis, dəmir və B12 vitamini kimi maddələr bol olur. Amma bu məhsul yüksək xolesterinli olduğundan böyrək xəstəliyi, mədə xorası və ya qastriti olan insanlar üçün təhlükə yarada bilər.

Həkim xüsusilə A vitamini (retinol) barədə də xəbərdarlıq edib: bu maddə az miqdarda dəri və saç üçün faydalıdır, lakin həddindən artıq qəbulu başgicəllənmə, ürəkbulanma, sümük toxumasının zədələnməsi, hətta uşaqlarda böyümənin dayanması kimi ciddi fəsadlara səbəb ola bilər. Buna görə də “çox faydalıdır” deyib qaraciyər yeməklərini həddən artıq istehlak etmək də sağlamlıq üçün risklidir.

Ekspertin fikrincə, sağlam qalmaq üçün toyuq ətindən istifadə edərkən ən vacib qayda mülayimlik və düzgün seçimdir. Yalnız keyfiyyətli hissələrdən istifadə etmək, riskli orqanlardan uzaq durmaq və porsiyanı normada saxlamaqla bu məhsul faydalı qida mənbəyinə çevrilə bilər.