Gündəlik duz qəbulunun azaldılması həyat müddətini uzada bilər. Foodinfo.az xəbər verir ki, İsveçin Karolinska İnstitutunun alimləri 25 il davam edən araşdırmada duzun insan ömrünə təsirini təhlil ediblər.

Tədqiqatçı Dr. Henrik Olsson “Reuters”ə açıqlamasında bildirib ki, gündəlik duz qəbulunu 30% azaltmaq ürək-damar xəstəliklərindən ölüm riskini 21%-ə qədər azaldır. “Çoxlu duz qan təzyiqini artırır və damar sistemində xroniki zədələnməyə səbəb olur,” – deyə o vurğulayıb.

Araşdırma zamanı məlum olub ki, az duz qəbul edən insanların ömür uzunluğu orta hesabla 3,2 il artıqdır. Bundan başqa, böyrək funksiyası daha stabil qalır və insult ehtimalı azalır.

Olsson tövsiyə edir ki, gündəlik duz miqdarı 5 qramdan çox olmamalıdır. Hazır qidaların və fastfud məhsullarının azaldılması bu məqsəd üçün ən təsirli addımdır.
Alimlər hesab edir ki, bu sadə dəyişiklik qlobal miqyasda milyonlarla insanın həyatını xilas edə bilər.