
Payızda artan soyuqdəymə və bronxit hallarının ən yorucu simptomlarından biri olan öskürəkdən qurtulmağın sadə, amma təsirli yollarından biri isti içkilərdir. Foodinfo.az xəbər verir ki, Rusiya Dövlət Maarifləndirmə Universitetinin fundamental tibbi fənlər kafedrasının dosenti, terapevt Yuliya Yakimanskaya Life.ru-ya müsahibəsində isti içkilərin öskürək zamanı orqanizm üçün nə qədər vacib olduğunu açıqlayıb.
Həkimin sözlərinə görə, limon və bal əlavə edilmiş su, bitki çayları, morşlar, kompotlar, qazsız mineral su, eləcə də bal və kərə yağı ilə qarışdırılmış isti süd nəfəs yollarını yumşaldır və bəlğəmin çıxmasını asanlaşdırır. Bu isə bədənin iltihab ocağı ilə mübarizəsini sürətləndirir və sağalma prosesini qısaldır.
Yakimanskaya bildirir ki, isti içkilərin əsas üstünlüyü nəfəs yollarını nəmləndirməsidir: bu, qıcıqlanmanı azaldır və bəlğəmin çıxmasını stimullaşdırır. Onun sözlərinə görə, düzgün seçilmiş içkilər həm də immun sistemini gücləndirir və orqanizmin infeksiyaya qarşı müqavimətini artırır.
Mütəxəssis əlavə edib ki, öskürəklə mübarizədə təkcə içkilərlə kifayətlənmək olmaz – inhalyasiyalar da son dərəcə effektivdir. “İnhalyasiya nəfəs yollarını nəmləndirməklə yanaşı, dərman maddələrinin birbaşa iltihab ocağına çatmasına imkan verir. Bunu müasir üsulla – nebulizer vasitəsilə, yaxud sadəcə buxar üzərində nəfəs almaqla etmək olar”, – deyə həkim vurğulayıb.
Yakimanskaya həmçinin qeyd edib ki, isti içkilərin qəbuluna xüsusilə səhərlər və yatmazdan əvvəl diqqət yetirilməlidir. Bu zaman onların təsiri daha güclü olur və bəlğəm daha asan xaric olur. O, qazlı, çox soyuq və ya çox isti içkilərdən uzaq durmağı da məsləhət görür, çünki onlar boğaz selikli qişasını qıcıqlandıra bilər.
Mütəxəssis yekunda vurğulayıb ki, öskürək zamanı ev şəraitində görülən bu sadə tədbirlər həkim təyinatlı müalicəni tamamlayır və bərpanı sürətləndirir.