Çoxları stress və narahatlıq zamanı özlərini daha yaxşı hiss etmək üçün şirniyyata üz tutur, lakin mütəxəssislər bu vərdişin vəziyyəti yalnız ağırlaşdırdığını bildirirlər. Foodinfo.az xəbər verir ki, “Lenta.ru”ya danışan Rusiya Keyfiyyət Sistemi (Roskachestvo) yanında Funksional Qidalanma Kompetensiya Mərkəzinin rəhbəri Maryam Davlekamova stressi şirniyyatla “söndürməyin” təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, stress vəziyyətində orqanizm instinktiv olaraq sürətli enerji mənbələri axtarır və bu da sadə karbohidratlara – məsələn, şokolad batonlarına və peçenyelərə olan istəyi artırır. “Belə qidalar qısa müddətli rahatlıq hissi versə də, bu təsir çox tez keçir”, – deyə Davlekamova bildirib.

Mütəxəssis izah edib ki, şirniyyat qəbulundan təxminən bir saat sonra qanda şəkərin səviyyəsi sürətlə azalır, bu isə stress hormonlarının ifrazını stimullaşdırır və narahatlıq hissi daha güclü şəkildə geri qayıdır. Nəticədə insan özünü bu “şəkər tələsində” tapır: hər dəfə yenidən rahatlamaq üçün şirniyyata müraciət edir və bu proses davamlı dövrə çevrilir.

Davlekamovanın sözlərinə görə, vəziyyətdən çıxış yolu funksional məhsulların seçilməsi ola bilər. Məsələn, zülal və liflə zəngin sağlam şirniyyatlar qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edir və stressin yenidən qayıtmasının qarşısını qismən ala bilər.

Qidalanma üzrə mütəxəssis Yekaterina Quzman isə “Gazeta.ru”ya açıqlamasında qeyd edib ki, bəzi məhsullar, o cümlədən balqabaq, hər kəs üçün uyğun deyil. Onun sözlərinə görə, mədə-bağırsaq sistemi xəstəlikləri və şəkərli diabet olan insanlar bu tərəvəzi ehtiyatla istehlak etməlidirlər. “Balqabaq bəzi insanlarda qarında köp və narahatlıq yarada bilər. Diabet xəstələri isə onun tərkibindəki sadə karbohidratlara görə istehlakı nəzarətdə saxlamalı və qan şəkərinə nəzarət etməlidirlər”, – deyə Quzman əlavə edib.

Mütəxəssislər ümumilikdə vurğulayırlar ki, stresslə mübarizədə əsas rol qidada deyil, davamlı və balanslı qidalanma vərdişlərinin formalaşdırılmasında və psixoloji vəziyyətə diqqət yetirilməsindədir.