
Geyim tərzi yalnız üslub və estetik baxımdan deyil, sağlamlıq baxımından da önəm daşıyır. Foodinfo.az bildirir ki, tibb elmləri doktoru, professor Svetlana Kanevskaya Çempionata açıqlamasında dar və bədənə sıx oturan geyimlərin dolayısı ilə artıq çəkiyə səbəb ola biləcəyini bildirib.
Professorun sözlərinə görə, sıx geyimlər birbaşa artıq yeməyə səbəb olmasa da, daimi narahatlıq və stress yaradır, bu da bir çox insanlarda mənfi emosiyaları yeməklə kompensasiya etməyə – “zaedanie”yə gətirib çıxarır. Xüsusilə sıx kəmərlər, korsetlər və bədən formasını sıxlaşdıran alt paltarlar qarın nahiyəsini sıxaraq həzm prosesini poza və aclıq ilə toxluq siqnallarının düzgün qavranmasına mane ola bilər.
Kanevskaya qeyd edib ki, dar geyim həm də bağırsaq hərəkətlərini ləngidərək həzm prosesini çətinləşdirir və mədədə ağırlıq hissi yaradır. Bundan əlavə, hərəkət azlığı da ikinci risk faktorudur – sıx geyimlər insanı daha az hərəkət etməyə vadar edir, bu da kalori sərfiyyatını azaldır və çəkini artırır.
Mütəxəssis vurğulayıb ki, bu yalnız qida davranışı ilə bağlı problem deyil. Sistemli olaraq dar geyim geyinmək dəri qıcıqlanmalarından qan dövranının pozulmasına, hətta nəfəsalma və həzm problemlərinə qədər ciddi sağlamlıq fəsadlarına yol aça bilər.
Beləliklə, rahat geyim seçimi yalnız estetik deyil, həm də sağlamlıq üçün önəmlidir və bədən funksiyalarının normal işləməsini dəstəkləyir.