
Elm dünyasında uzun illərdir mübahisə doğuran nadir bir kəşf baş verib. Foodinfo.az xəbər verir ki, Samara Universitetinin alimləri Çin və ABŞ-dan olan həmkarları ilə birlikdə ilk dəfə olaraq metantetrol (C(OH)₄) molekulunu sintez ediblər. Bu maddənin mövcudluğu hələ ötən əsrin əvvəlində nəzəri olaraq irəli sürülmüşdü, lakin onun qeyri-sabit olması səbəbindən real şəraitdə mövcud ola bilməyəcəyi düşünülürdü.
Tədqiqatçılar molekulu xüsusi laboratoriya şəraitində – modelləşdirilmiş “kosmik buzlarda” qeydə alıblar. Bu proses təxminən -120°C temperaturda, yüksək enerjili ultrabənövşəyi şüalanmanın təsiri altında su və karbon qazının vakuumda qarışığından baş verib. Alimlərin sözlərinə görə, məhz kosmik şəraitdə belə molekullar təbii olaraq əmələ gələ bilər.
Metantetrolun əhəmiyyəti ondadır ki, bu tip quruluşlar çoxsaylı hidroksil qrupları və karbon skeleti sayəsində ekoloji təmiz həlledicilər və yapışdırıcı komponentlər istehsalında perspektivli hesab olunur. Samara alimlərinin sözlərinə görə, bu molekul gələcəkdə sənayedə yeni nəsil materialların hazırlanmasına yol aça bilər.
Əldə edilən nəticə təkcə nəzəriyyəni təsdiqləməklə kifayətlənmir, həm də göstərir ki, qeyri-sabit hesab edilən birləşmələr müəyyən şəraitdə sabit mövcud ola bilir. Bu isə kimyanın klassik baxışlarına maraqlı əlavələr edir.
Mütəxəssislər ümid edirlər ki, bu kəşf həm kosmosda gedən kimyəvi prosesləri anlamağa, həm də Yer üzündə yeni, dayanıqlı və ekoloji cəhətdən təmiz texnologiyaların yaradılmasına xidmət edəcək.