Xərçəng müalicəsində tətbiq olunan kimyaterapiya çox vaxt sümük iliyinə mənfi təsir göstərərək qan hüceyrələrinin azalmasına səbəb olur. Foodinfo.az xəbər verir ki, Moskva alimləri bu problemi həll etmək üçün maraqlı yanaşma tapıblar – dəniz xiyarı (Cucumaria japonica) əsasında xüsusi implant hazırlayıblar.

Yeni sistem özünü bədəndə tədricən əridən metal kapilyardan və dəniz xiyarından əldə olunan təbii polisaxariddən ibarətdir. O, dərmanın yavaş-yavaş orqanizmə ötürülməsini təmin edir və bununla da kimyaterapiyadan sonra xəstələrin hər gün ağrılı iynələr vurmasına ehtiyac qalmır.

Adətən, belə hallarda qan yaradan dərmanlar istifadə olunur, amma onların təsiri çox qısa müddət davam edir. Nəticədə pasiyentlər təkrar-təkrar inyeksiya almağa məcbur qalırlar. Yeni implant isə bu problemi əhəmiyyətli dərəcədə aradan qaldıra bilər.

Sınaqlar göstərib ki, dəniz xiyarından alınan polisaxarid leykositlərin, eritrositlərin və trombositlərin artımını gücləndirir. Siçanlar üzərində aparılan təcrübələrdə implant üç gün ərzində leykositləri 35%, eritrositləri 25%, trombositləri isə 3,7 dəfə artırıb. Müqayisə üçün, hazırda istifadə edilən standart preparat yalnız müəyyən hüceyrələrin artımına zəif təsir göstərib.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə onkoloji xəstələrin müalicəsində əhəmiyyətli rahatlıq gətirə bilər. Həmçinin, pasiyentlər gündəlik iynələrin yaratdığı narahatlıqdan və əlavə risklərdən qurtula bilərlər.

Mütəxəssislər bildirirlər ki, nəticələr çox ümidvericidir, lakin implantın insanlar üzərində təhlükəsizliyi və effektivliyi hələ geniş klinik sınaqlarda yoxlanılmalıdır.