
Qərb alimləri piylənmə və maddələr mübadiləsi xəstəliklərinin qarşısını almaqda mühüm rol oynaya biləcək maraqlı kəşf ediblər. Foodinfo.az xəbər verir ki, tədqiqatçılar CAMKK2 adlı fermenti immun hüceyrələrdə “söndürməklə” siçanlarda piylənmənin, 2-ci tip diabetin və qaraciyərin piylənməsinin (yağlı hepatoz) qarşısını alıblar.
CAMKK2 adlanan bu ferment əsasən makrofaqlarda – bədənin bakteriya və zədələnmiş hüceyrələrlə mübarizə aparan immun hüceyrələrində mövcuddur. Normal halda piylənmə zamanı makrofaqlar iltihablı hala keçir və bu, insulinə həssaslığı zəiflədir. Lakin CAMKK2 olmayan siçanlarda makrofaqlar antiiltihabi xüsusiyyətlər qazanıb, daha çox yağ yandırmağa başlayıb və mitoxondrilərin işi yaxşılaşıb.
Maraqlıdır ki, bu heyvanlar əvvəlki kimi eyni miqdarda qida qəbul ediblər, amma daha çox enerji sərf edərək qan şəkərini və insulini aşağı səviyyədə saxlayıblar. Onların qaraciyər, əzələ və piy toxumaları qlükozanı daha yaxşı mənimsəyib. Üstəlik, piy toxumasında “bəyaz yağ” “bej yağa” çevrilib – bu da orqanizmin yağları yandırmasını və istilik hasilatını artırır.
Hələlik nəticələr yalnız siçanlar üzərində əldə olunub, lakin alimlər bu mexanizmin insanlar üçün də effektiv ola biləcəyinə ümid edirlər. Əgər gələcək klinik sınaqlar uğurlu olsa, CAMKK2 fermentini hədəf alan dərmanlar piylənmə və metabolik xəstəliklərin müalicəsində inqilabi addım ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu istiqamətdə araşdırmalar davam edir və yaxın illərdə yeni nəsil dərman preparatlarının hazırlanması mümkündür.