Payız gələndə bir çox insan özünü səbəbsiz yorğun, halsız və həvəsiz hiss edir. Foodinfo.az xəbər verir ki, Piroqov Universitetindən tibb mütəxəssisi Denis Borozdenko Lenta.ru-ya açıqlamasında bunun real bir hal olduğunu və əsas səbəbin gün işığının azalması ilə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, günəş işığı azaldıqda bədənimizdə əhvalı tənzimləyən vacib maddələrin ifrazı zəifləyir, bu da insanı halsız və ruhdan düşmüş hiss etdirir. Bunun qarşısını almaq üçün mütəxəssis üç sadə qaydaya əməl etməyi məsləhət görür: hərəkətdə qalmaq, insanlarla ünsiyyətdən qaçmamaq və düzgün qidalanmaq.

Borozdenko bildirib ki, hətta istəməsəniz də, gündə az da olsa hərəkət etmək vacibdir. Səhərlər 15 dəqiqəlik yüngül idman belə insanın ovqatını qaldıra və yuxu rejimini normallaşdıra bilər. O, dostlarla görüşmək və ailə ilə vaxt keçirməyin də payızda insanı daha gümrah saxladığını deyib.

Qidalanma da bu dövrdə böyük rol oynayır. Mütəxəssis xüsusilə omega-3 yağ turşularının əhəmiyyətini vurğulayıb. Bu maddələr beyindəki siqnalların ötürülməsini yaxşılaşdırır, əhvalı sabit saxlayır və iltihabı azaldır. Qızılbalıq, siyənək və skumbriya kimi yağlı balıqlar bu baxımdan ən faydalı qidalardandır.

Borozdenko əlavə edib ki, payızda gün işığı azaldığı üçün açıq havada daha çox vaxt keçirmək, gündə azı 20-30 dəqiqə gəzmək lazımdır. Bu, orqanizmin rejimini düzənləyir və əhvalı yaxşılaşdırır.

Mütəxəssis deyib ki, sadə addımlar – yüngül idman, yaxınlarla təmasda qalmaq, balanslı qidalanmaq və günəş işığından istifadə etmək – payızda əhval-ruhiyyəni yüksək saxlamağa və xandranın qarşısını almağa kömək edir.