Soyuq fəsillərə keçid zamanı yaranan səbəbsiz yorğunluq, yuxusuzluq və gecə qıcolmaları bir çoxlarının düşündüyü kimi sadəcə payız əhval-ruhiyyəsi ilə bağlı olmaya bilər. Foodinfo.az xəbər verir ki, həkim Vera Serejina bu hallarının çox vaxt orqanizmdə kalsium və maqnezium çatışmazlığından qaynaqlandığını bildirib.

Mütəxəssisin sözlərinə görə, fəsil dəyişdikcə orqanizmdə fizioloji yenidənqurma prosesi baş verir ki, bu da sinir sistemi və daxili orqanların fəaliyyətinə təsir göstərir. Nəticədə insanlarda yuxu pozğunluğu, diqqətin zəifləməsi və əzələ qıcolmaları kimi əlamətlər özünü göstərə bilər. “Bunları payız depressiyası kimi qəbul etmək düzgün deyil, çünki səbəb çox zaman mikroelementlərin çatışmazlığı və ya nadir hallarda onların artıqlığı ilə bağlı olur,” – deyə Serejina izah edib.

Həkimin sözlərinə görə, bu iki element bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərir. Məsələn, maqnezium kalsiumun təsirini balanslaşdırır, qanı daha maye edir və ürəyə düşən yükü azaldır. Onların hər ikisi sinir sistemini sakitləşdirir, yuxunu normallaşdırır və qan təzyiqinin sabit qalmasına kömək edir.

Serejina vurğulayıb ki, vəziyyəti yaxşılaşdırmaq üçün ilk addım qidalanmanın tənzimlənməsi olmalıdır. Kalsium baxımından zəngin məhsullara pendir, kəsmik, dəniz balığı, badam və çia toxumu daxildir. Maqnezium isə xüsusilə kəpəklərdə, balqabaq tumlarında, küncütdə, qurudulmuş otlarda və ədviyyatlarda çox olur.

Həkim əlavə edib ki, payızda bu elementlərin balansını qorumaqla orqanizmin fəsil dəyişməsinə uyğunlaşmasını asanlaşdırmaq, yorğunluq və qıcolma kimi halların qarşısını almaq mümkündür.