Son araşdırmalar göstərir ki, bəzi pendirlər sinir hüceyrələrinin işləməsinə müsbət təsir göstərə və yaddaşı gücləndirə bilər. Foodinfo.az xəbər verir ki, Yaponiyada aparılan bir tədqiqatda siçanlara kamamber pendiri verilib və nəticələr maraqlı olub: pendirdəki maddələr öyrənmə və yaddaşın yaxşılaşmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, amidlər – yağ turşularının fermentləşdirilməsi nəticəsində əmələ gələn birləşmələr – sinir hüceyrələrinin böyüməsinə və bərpasına müsbət təsir göstərir, neyron əlaqələrinin formalaşmasına və yaddaşın yaxşılaşmasına kömək edir. Pendir üzərindəki ağ küf (Penicillium camemberti) yağ turşularında dəyişiklik yaradır və bu dəyişikliklər sonradan sinir sisteminə faydalı təsir göstərir.

Tədqiqat zamanı siçanlar iki nəzarət sınağında iştirak edib: obyektləri tanımaq və obyektlərin yerini müəyyən etmək. Hər iki sınaqda siçanların davranışı və qərarvermə sürəti izlənilib və yüksək nəticələr göstəriblər. Bu da göstərir ki, kamamber pendirindəki amidlər məkan qavrayışını artırır və yaddaş üçün vacib neyron əlaqələrinin formalaşmasına kömək edir.

Alimlər siçanların beyninin kimyəvi tərkibini də araşdırıblar. Xüsusi diqqət hipokamp hissəsinə yönəldilib – öyrənmə və yaddaşa cavabdeh bölmə. Molekulyar səviyyədə aparılan analizlər göstərib ki, pendirin fermentasiyası nəticəsində əmələ gələn maddələr sinapsların çevikliyini artırır və neyron istehsalını stimullaşdırır.

Hələlik insan beyni üzərində bu təsiri tam təsdiqləmək tezdir, tədqiqat qısa müddətli olub. Lakin bu nəticələr beyin sağlamlığını dəstəkləyən qidalar üzərində gələcək araşdırmalara ümid yaradır.

Bu araşdırma göstərir ki, düzgün pendirlər yalnız dadlı deyil, həm də yaddaş üçün faydalı ola bilər.