
Payız alması həm dadı, həm də sağlamlığa olan faydaları ilə digər meyvələr arasında xüsusi yer tutur. Bu mövsümi meyvə bədənə lazım olan vitamin və minerallarla zəngindir, xüsusilə də immunitetin zəiflədiyi payız günlərində əvəzolunmaz qida sayılır.
Foodinfo.az xəbər verir ki, payız almasının tərkibində C, A, E, K və B qrupu vitaminləri, həmçinin kalium, dəmir, maqnezium və lif var. Bu maddələr orqanizmi zərərli toksinlərdən təmizləyir, immunitet sistemini möhkəmləndirir və infeksiyalara qarşı qoruma yaradır.
Təbii antioksidantlarla zəngin olan payız alması hüceyrələrin qocalmasının qarşısını alır, ürək-damar sağlamlığını dəstəkləyir. Lif baxımından zəngin olduğu üçün həzmi tənzimləyir, qəbizlik probleminin qarşısını alır və bağırsaq fəaliyyətini yaxşılaşdırır.
Mütəxəssislərin fikrincə, gündə bir alma yemək orqanizmin şəkər və xolesterin səviyyəsini balansda saxlamağa kömək edir. Payız alması, xüsusilə qan azlığı və zəif immunitetdən əziyyət çəkən insanlar üçün çox faydalıdır.
Dərinin və saçın sağlamlığı üçün də təsirli olan bu meyvə bədəni nəmləndirir, enerjini artırır və yorğunluğu azaldır. Almanın tərkibindəki polifenollar orqanizmdə iltihabı azaldaraq xərçəng hüceyrələrinin yaranma riskini minimuma endirir.
Alma yeyərkən qabığını soymamaq daha faydalıdır. Çünki vitaminlərin və antioksidantların böyük hissəsi məhz qabığında cəmlənib.