SM-Clinic-in pediatrı Aygül İsrafilova isti havalarda plastik butulkalarda suyun birbaşa günəş altında saxlanmasının sağlamlıq üçün risk yaratdığını açıqlayıb.

Foodinfo.az bildirir ki, ekspertin sözlərinə görə, yüksək temperatur təsirindən plastikdən toksik kimyəvi maddələr suya keçə bilər və bu maddələr insan orqanizminə daxil olduqda mənfi təsir göstərə bilər.

Dr. İsrafilova bildirir ki, bu maddələrin miqdarı plastik növündən, istilik dərəcəsindən və məruz qalma müddətindən asılı olaraq dəyişə bilər. Ancaq müntəzəm şəkildə günəşdə qızmış plastik butulkalardan su içmək bu maddələrin orqanizmdə yığılma riskini artırır.

O, suyu şüşə, paslanmayan polad və ya tritan kimi daha təhlükəsiz qablarda saxlamağı, birdəfəlik plastik qabları isə təkrar istifadə etməməyi tövsiyə edir.

Mütəxəssis əlavə edir ki, əgər şüşə butulka günəşdə qızıbsa, içindəki su dəyişdirilməlidir. Bu qaydalara əməl etməklə gündəlik su istehlakında sağlamlıq risklərini azaltmaq mümkündür.