Rusiya Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzinin mütəxəssisi Yelena Pavlovskaya uşaqlarda qida seçiciliyinin sadəcə şıltaqlıq deyil, bəzən genetik meyldən qaynaqlanan ciddi xüsusiyyət olduğunu deyib. 
Foodinfo.az bildirir ki, onun sözlərinə görə, qida seçiciliyi ailəvi ola bilər. Valideynlər özlərinin də uşaqlıqda müəyyən qidalara qarşı eyni reaksiyanı verdiklərini qeyd edirlər ki, bu da genetik keçid ehtimalını artırır.

Pavlovskaya bildirib ki, bəzi uşaqlarda bu vəziyyət artan həssaslıq, narahatlıq və hətta xroniki xəstəliklərə meylin göstəricisi ola bilər. Əgər seçicilik davranış pozuntuları və yeməkdən imtina ilə müşayiət olunursa, xüsusilə autizm və ya serebral iflic kimi nevroloji hallarda müşahidə edilirsə, mütəxəssis həkimlərə – qastroenteroloq, nevroloq və ya psixiatr-a müraciət edilməlidir.

Diyetoloq əlavə edib ki, bu hal müalicə olunmasa, uşaqlar gələcəkdə vitamin çatışmazlığı, piylənmə və maddələr mübadiləsi pozuntuları kimi problemlərlə üzləşə bilərlər.