ROSBIOTECH Universitetinin mütəxəssisi Asiyat Abdullayeva meyvə və tərəvəzlərin sabun və qabyuyan vasitələrlə yuyulmasının düzgün olmadığını açıqlayıb.
Foodinfo.az bildirir ki, onun sözlərinə görə, bu kimyəvi maddələr məhsulun üzərində qala və qəbul edildikdə həzm sistemini qıcıqlandıra bilər. Məhsulların axar su ilə yuyulması kifayət sayılır, lakin lazım gəldikdə çörək sodasından istifadə etmək daha təhlükəsizdir.

Ekspert əlavə edib ki, meyvə və tərəvəzlərin yuyulması üçün suyun temperaturu otuz-qırx dərəcəni keçməməlidir. Qaynar su vitaminləri məhv edir, meyvənin qabığını zədələyir, soyuq su isə kirləri tam təmizləmir.

Yuyulma üsulu tərəvəzlərin növünə görə fərqlənməlidir. Məsələn, yerkökü və xiyar kimi sərt məhsullar süngərlə 30-60 saniyə, çiyələk və pomidor kimi yumşaq meyvələr 20-30 saniyə su altında, göyərti isə 2-3 dəqiqə duzlu suda saxlanmalıdır.

Mütəxəssis vurğulayıb ki, düzgün yuyulma üsulu həm sağlamlıq, həm də məhsulun faydalılığının qorunması baxımından vacibdir.