
Tanınmış diyetoloq Mixail Ginzburq tərəvəz və meyvələrin uzunmüddətli saxlanması zamanı istifadə olunan bəzi ənənəvi üsulların sağlamlıq üçün zərərli ola biləcəyini bildirib. Foodinfo.az xəbər verir ki, o, bu barədə Regions.ru portalına müsahibəsində danışıb.
Diyetoloqun sözlərinə görə, konservləşdirmə zamanı qaynar su və sirkə kimi klassik üsullar C vitamini də daxil olmaqla bəzi faydalı maddələrin qorunmasına imkan versə də, bu cür qidalar çox zaman duzla zəngin olur. “Duzlu kələm, turşu xiyar və digər məhsullar orqanizmdə mayenin saxlanmasına, şişkinlik və susuzluğa səbəb ola bilər”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, müasir dövrdə dondurulma üsulu daha geniş yayılıb. Bu texnologiya B, E və C vitaminlərinin, dəmir, kalium, maqnezium kimi mineralların, həmçinin bitki mənşəli zülal və liflərin saxlanmasına kömək edir. Lakin Ginzburqun fikrincə, bu üsulun mənfi cəhətləri də var: məhsul buzdan çıxdıqdan sonra dad və forma baxımından keyfiyyətini itirə bilər. Bu səbəbdən o, dondurulmuş tərəvəzlərin əsasən şorba və güveçlər üçün istifadə edilməsini tövsiyə edib.
Ginzburq qış mövsümündə meyvə-tərəvəzdən istifadə üçün ən ekoloji üsullardan birinin qurutma olduğunu qeyd edib. O, bu texnikanın sağlam və təbii sayıldığını vurğulasa da, yüksək temperaturun bəzi mikroelementləri məhv etdiyini də xatırladıb.
Diyetoloq insanlara meyvə və tərəvəzləri saxlarkən həm qida dəyərini, həm də sağlamlığa mümkün təsirlərini nəzərə almağı tövsiyə edir.