Ramadan ayında uzun müddət ac və susuz qalmaq ağız boşluğunda quruluğa səbəb ola bilər. Bu vəziyyət isə ağız qoxusu, diş çürüməsi və diş əti problemlərinin yaranma riskini artırır. Foodinfo.az xəbər verir ki, orucluq dövründə ağız və diş gigiyenasına xüsusi diqqət yetirmək vacibdir.

İftardan sonra dişlərin fırçalanması əsas şərtlərdən biridir. Gün ərzində toplanan bakteriyalar və iftar zamanı qəbul edilən qidalar diş minasına təsir göstərir. Yeməkdən təxminən 20-30 dəqiqə sonra dişləri florlu məcunla təmizləmək tövsiyə olunur.

Səhurdan sonra dişlərin yuyulması da önəmlidir. Bu addım gün ərzində bakteriyaların çoxalmasının qarşısını almağa və ağız qoxusunun azalmasına kömək edir.

İftarla səhur arasında kifayət qədər su içməyi məsləhət görürlər. Su ağız quruluğunu azaldır və tüpürcək ifrazını artıraraq dişləri qoruyur.

Bundan əlavə, diş ipindən istifadə diş aralarında qalan qida qalıqlarının təmizlənməsində mühüm rol oynayır. Şəkərli və yapışqan qidaların isə məhdudlaşdırılması tövsiyə edilir.

Qeyd olunur ki, bəzi insanlar Ramazan ayında misvakdan istifadə etsə də, bu vasitə diş fırçasını tam əvəz etmir.