Miqren güclü və təkrarlanan baş ağrısı tutmaları ilə müşayiət olunan narahatlıqdır. Mütəxəssislər bildirirlər ki, bəzi qidalar bu tutmaların yaranmasına səbəb ola bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, dietoloq Yelena Solomatina miqreni tətikləyə bilən məhsullar barədə danışıb.

Onun sözlərinə görə, əsas provokatorlardan biri tiramindir. Bu maddə əsasən pendirlərdə, şərabda və turş kələmdə olur. Həmçinin kofein də bəzi insanlarda baş ağrısı tutmalarını gücləndirə bilər. Bundan əlavə, sitrus meyvələri, banan və avokadoda olan histamin həssas şəxslərdə miqren riskini artıra bilər.

Dietoloq qeyd edib ki, hər bir orqanizm fərqli reaksiya verir və buna görə də hansı məhsulun ağrı yaratdığını müəyyənləşdirmək vacibdir. Onun fikrincə, miqrenin qarşısını almaq üçün ya spazmı tez bir zamanda aradan qaldırmaq, ya da ağrını tətikləyən qidalardan imtina etmək lazımdır. Bu yanaşma psevdallergik reaksiyalarla mübarizədə tətbiq olunan üsullara bənzəyir.

Mütəxəssislər əlavə edirlər ki, qida gündəliyi aparmaq miqren tutmalarının səbəblərini aşkar etməyə kömək edə bilər. Əgər müəyyən məhsullar mütəmadi olaraq ağrı yaradırsa, onların rasiondan çıxarılması tövsiyə olunur.