Soyuq mühit bir çox məhsulun saxlanma müddətini uzatsa da, bütün meyvələr üçün bu qayda keçərli deyil. Foodinfo.az Info.sibnet.ru-ya istinadla xəbər verir ki, bəzi meyvələr soyuducuda saxlanıldıqda dadını, ətirini və quruluşunu itirə bilər.
Mütəxəssislər bildirirlər ki, bunun iki əsas səbəbi var. Birinci səbəb yetişmə prosesinin dayanmasıdır. Yığım sonrası bir çox meyvə şirin və şirəli olması üçün xüsusi qaz ifraz edir. Soyuq mühitdə bu proses ləngiyir və ya tam dayanır. Nəticədə meyvə sərt və dadsız qala bilər.
İkinci səbəb isə soyuq zədələnməsidir. Xüsusilə tropik meyvələr aşağı istiliyə həssasdır. Təxminən +5 dərəcə istilikdə onların hüceyrə quruluşu pozulur, iç hissəsi qaralır və boşalır.
Banana soyuducuda tez qaralır və xarici görünüşünü itirir. Onun üçün ən uyğun istilik +13 ilə +17 dərəcə arasıdır. Armud isə çox vaxt tam yetişməmiş halda satılır və soyuqda saxlanıldıqda yetişmir, sərt qalır.
Avokado da otaq istiliyində yetişməlidir. Soyuducuda saxlandıqda yetişmə prosesi dayanır və dad keyfiyyəti aşağı düşür. Ananas və manqo kimi tropik meyvələr +7 dərəcədən aşağı istiliyə dözümsüzdür, soyuqda iç hissəsi qaralır və dadı zəifləyir.
Portağal və qreypfrutun qabığı soyuqda tez quruyur, acılıq yarana bilər və şirəlilik azalır. Şaftalı, nektarin və ərik kimi meyvələr isə soyuqda pambıqvari quruluşa düşür, ətiri azalır və dadı zəifləyir.
Mütəxəssislər qeyd edirlər ki, sərt və yetişməmiş meyvələri otaq şəraitində saxlamaq daha məqsədəuyğundur. Tam yetişmiş meyvələr isə qısa müddətə soyuducuya qoyula bilər ki, xarab olma prosesi ləngisin.
Qayda sadədir: meyvənin dadını qorumaq üçün onu lazımi şəraitdə saxlamaq vacibdir. Bəzən ən düzgün seçim soyuducudan istifadə etməməkdir.






