Çay sağlamlıq üçün faydalı içki hesab olunsa da, bəzi məşhur əlavələr onun təsirini azalda və hətta zərər verə bilər. Mütəxəssislər bildirirlər ki, düzgün seçilməyən qatqılar çayın tərkibindəki qiymətli maddələri zəiflədə bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, Health.com çaya əlavə edilməsi tövsiyə olunmayan inqrediyentlərin siyahısını açıqlayıb.

Ekspertlərin sözlərinə görə, çay polifenollar və flavonoidlərlə zəngindir və bu maddələr orqanizmə müsbət təsir göstərir. Lakin bəzi əlavələr bu birləşmələrin təsirini azalda və ya onları parçalaya bilər. Siyahıda ilk olaraq süd və qaymaq qeyd olunur. Bildirilir ki, süd məhsulları çaydakı faydalı polifenolların miqdarını azalda bilər, buna görə də çayı mümkün qədər əlavəsiz içmək tövsiyə edilir.

Şəkər də çayın faydasını azaldan əsas qatqılardan biridir. Dadı şirinləşdirsə də, onun sağlamlığa müsbət təsiri aşağı düşür. Mütəxəssislər şəkər əvəzinə darçın kimi təbii ədviyyatlardan istifadə etməyi məsləhət görürlər. Efir yağları isə ümumiyyətlə daxilə qəbul üçün təhlükəsiz hesab edilmir. Onlar bitki yarpaqlarından daha konsentrasiyalıdır və sağlamlıq üçün ciddi problemlər yarada bilər.

Köhnə və ya təkrar qaynadılmış su ilə dəmlənən çayın keyfiyyəti də aşağı düşür. Ekspertlər qeyd edirlər ki, çay üçün oksigenlə zəngin təzə su istifadə olunmalıdır. Bəzi çay paketlərinin tərkibində mikoplastik ola biləcəyi də araşdırmalarda göstərilib. Dəmləmə zamanı bu hissəciklərin içkiyə keçməsi ehtimalı var.

Süni şirinləşdiricilər də riskli hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, aspartam kimi maddələrin uzunmüddətli istifadəsi diabet və ürək-damar xəstəlikləri riskini artıra bilər. Bununla belə, mütəxəssislər bütün əlavələrdən imtina etməyi tövsiyə etmirlər. Limon, bal, nanə, zəncəfil, darçın və bitki əsaslı süd alternativləri çayın dadını tamamlayaraq daha faydalı seçim hesab olunur.