Mətbəxdə və ya anbarda saxlanılan soğanın bəzən yaşıl pöhrə verdiyi müşahidə olunur. Bu hal bir çox insanı tərəddüdə salır və məhsulun istifadəyə yararlı olub-olmadığı sualını yaradır. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssislər cücərmiş soğanın istehlakının mümkün olub-olmadığına aydınlıq gətiriblər.

Ekspertlərin sözlərinə görə, yaşıl pöhrənin əmələ gəlməsi istilik, işıq və rütubətin təsiri ilə baş verən təbii prosesdir. Bu, soğanın zəhərli maddələr toplaması demək deyil. Qida təhlükəsizliyi üzrə mütəxəssis Şennon Stover bildirib ki, cücərmə prosesi özlüyündə təhlükə yaratmır və zərərli birləşmələrin yaranmasına səbəb olmur.

ABŞ Qida və Dərman Administrasiyasının (FDA) məlumatına görə, əgər soğanda çürümə əlamətləri yoxdursa, onu yemək olar. Lakin mütəxəssislər belə soğanın mümkün qədər tez istifadə edilməsini tövsiyə edirlər, çünki zaman keçdikcə dadında dəyişiklik baş verir. Klemson Universitetinin Qida Sistemlərinin Təhlükəsizliyi Proqramının direktoru Kimberli Beyker qeyd edib ki, pöhrə böyüdükcə soğanın qida maddələrini özünə çəkir.

Onun sözlərinə görə, bu proses nəticəsində soğanın iç hissəsi daha yumşaq və bir qədər acı ola bilər. İstifadə etməzdən əvvəl soğanı sərin axar su altında yumaq tövsiyə olunur. Yaşıl pöhrə də yeyilə bilər, lakin daha sərt teksturaya və kəskin dada malik olur.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər soğanın üzərində kif, selik, xoşagəlməz qoxu və ya açıq-aşkar çürümə əlamətləri varsa, onu atmaq lazımdır. Bu cür dəyişikliklər mikroorqanizmlərin inkişafını göstərə və məhsulu istehlak üçün təhlükəli edə bilər.