Son illər təbii məhsullara marağın artması ilə arqan yağı da geniş şəkildə istifadə olunmağa başlayıb. Arqan yağı Argania spinosa ağacının meyvə çəyirdəyindən əldə olunur. Bu ağac əsasən Mərakeş ərazisində yetişir və məhsul uzun illərdir həm qida, həm də kosmetik məqsədlərlə istifadə edilir.

Bu yağ E vitamini, antioksidantlar və faydalı yağ turşuları ilə zəngindir. Bu tərkib onu xüsusilə dəri və saç baxımında məşhur edib.

Bildirilir ki, arqan yağı dərini nəmləndirir, quruluğun qarşısını almağa kömək edir və elastikliyi artırır. 

Antioksidant xüsusiyyətləri sayəsində erkən yaşlanma əlamətlərinin azalmasına dəstək olur. Saçlara tətbiq edildikdə isə parlaqlıq verir, qırılmanı azalda və zədələnmiş tellərin bərpasına kömək edir.

Arqan yağının qida kimi istifadəsi də mümkündür. Tərkibindəki doymamış yağ turşularının xolesterin balansına müsbət təsir göstərə biləcəyi qeyd olunur. Bununla yanaşı, iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu da bildirilir.

Arqan yağından istifadə edərkən diqqətli olmaq tövsiyə edilir. Xüsusilə həssas dəriyə sahib olan şəxslər əvvəlcə kiçik bir nahiyədə sınaq aparmalıdırlar. Qida məqsədilə istifadə edilərkən isə yalnız bu məqsəd üçün nəzərdə tutulmuş məhsul seçilməlidir.

Təbii və çoxfunksiyalı məhsul kimi tanınan arqan yağı həm gözəllik, həm də sağlamlıq sahəsində populyarlığını qorumaqda davam edir.