Çiy qidalanmanın tərəfdarları fərqli düşünsə də, elmi araşdırmalar göstərir ki, bəzi tərəvəzlər bişirildikdə orqanizm üçün daha faydalı olur. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, mütəxəssislər bişirmə zamanı dəyəri artan 5 tərəvəzi açıqlayıblar.
1. Yerkökü
Yerkökü beta-karotinlə zəngindir. Bu maddə görmə qabiliyyətini qoruyur, orqanizmi vaxtından əvvəl qocalmadan müdafiə edir və bəzi xəstəliklərin qarşısının alınmasına kömək edir. Araşdırmalara görə, bişmiş yerköküdə beta-karotinin miqdarı çiy formada olduğundan xeyli çox olur. Bundan əlavə, bişmiş halda həzm sistemi üçün daha yüngül hesab edilir.
2. Pomidor
Pomidorun qırmızı rəngi likopin maddəsi ilə bağlıdır. Likopin güclü antioksidantdır və ürək-damar sağlamlığını dəstəkləyir. İstilik emalı zamanı likopinin mənimsənilməsi artır. Buna görə də bişmiş pomidor, o cümlədən tomat sousu və ev şəraitində hazırlanan ketçup daha faydalı hesab olunur.
3. Brokoli
Brokoli tərkibində olan antioksidant maddələrlə seçilir. Xüsusilə qısa müddətli istilik emalı bu faydalı maddələrin daha yaxşı mənimsənilməsinə kömək edir. Həmçinin brokolidə olan karotinoidlər bişirildikdən sonra orqanizm tərəfindən daha asan qəbul edilir.
4. Çuğundur
Çuğundur vitamin və minerallarla zəngindir. Lakin mütəxəssislər bildirirlər ki, bişmiş çuğundurda kalsium, dəmir və digər faydalı maddələr daha rahat mənimsənilir. O, qan dövranını dəstəkləyir və orqanizmin təmizlənməsinə kömək edir.
5. Kələm
Kələm həm bişmiş, həm də turşu formasında olduqca faydalıdır. Xüsusilə turşu kələmdə C vitamininin miqdarı yüksək olur. Bundan əlavə, tərkibində olan süd turşusu həzmi yaxşılaşdırır və qidaların daha yaxşı mənimsənilməsinə dəstək verir.
Mütəxəssislər qeyd edirlər ki, tərəvəzlərin düzgün hazırlanma üsulu onların qida dəyərini artıraraq sağlam həyat tərzinə töhfə verir.






