Meyvə şirələri uzun illərdir sağlam içki kimi qəbul edilsə də, son araşdırmalar onların bəzi hallarda gözlənilməz təsirlər yarada biləcəyini göstərir. Xüsusilə sənaye üsulu ilə hazırlanan şirələrin tərkibi və istehlak miqdarı ilə bağlı mütəxəssislər daha diqqətli olmağı tövsiyə edir.

Foodinfo.az “Harvard Health Publishing” platformasına istinadla xəbər verir ki, dietoloq doktor Teresa Fung bildirib ki, bir çox meyvə şirəsində lif demək olar ki, olmur, lakin şəkər miqdarı yüksək qalır. Onun sözlərinə görə, bu isə qan şəkərinin sürətlə yüksəlməsinə və qısa müddət sonra yenidən düşməsinə səbəb olur ki, bu da aclıq hissini artırır və artıq kalori qəbuluna gətirib çıxarır.

Mütəxəssis əlavə edib ki, bütöv meyvələrin istehlakı daha faydalıdır, çünki onların tərkibində olan lif şəkərin sorulmasını ləngidir və daha uzun müddət toxluq hissi yaradır. Bu səbəbdən gündəlik rasionda meyvə şirələrindən çox, təzə meyvələrə üstünlük vermək və içki seçimində balansı qorumaq vacib hesab olunur.