Mütəxəssislər yüksək arterial təzyiqin azalmasına kömək edən tərəvəz şirəsini açıqlayıblar. Foodinfo.az “Express” nəşrinə istinadla xəbər verir ki, aparılan araşdırmalar yerkökü şirəsinin təzyiqin tənzimlənməsinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.
Hipertoniya insult və infarkt riskini artıran əsas amillərdən biri hesab olunur. İki mindən çox insanın iştirak etdiyi tədqiqatda çiy yerkökü və onun şirəsinin qəbulu ilə arterial təzyiqin aşağı düşməsi arasında əlaqə müəyyən edilib.
Mütəxəssislərin sözlərinə görə, yerkökü şirəsi həm sistolik, həm də diastolik təzyiq göstəricilərinin azalmasına kömək edə bilər. Bu təsir tərəvəzin tərkibindəki faydalı maddələr və antioksidantlarla əlaqələndirilir.
Britaniyalı alimlər bildirirlər ki, ümumilikdə tərəvəz və meyvələr duzun mənfi təsirini balanslaşdırmağa kömək edir. Onların tərkibində çoxlu vitamin və minerallar var, eyni zamanda aşağı kalorili və liflə zəngindir. Bu isə həm həzmi yaxşılaşdırır, həm də ürək-damar sağlamlığını dəstəkləyir.
Həkimlər əlavə olaraq təzyiqi normada saxlamaq üçün siqaretdən və alkoqoldan uzaq durmağı, həmçinin balanslı qidalanmağa diqqət yetirməyi tövsiyə edirlər.






