Bal təbii və faydalı məhsul hesab olunsa da, düzgün istifadə edilmədikdə öz dəyərini itirə bilər. Mütəxəssis bildirib ki, balın qızdırılması onun sağlamlıq üçün əhəmiyyətli xüsusiyyətlərini azaldır. Foodinfo.az Life.ru-ya istinadla xəbər verir ki, texnika elmləri namizədi Yuliya Nikolayevanın sözlərinə görə, bal 40–45 dərəcədən yuxarı temperaturda qızdırıldıqda tərkibindəki fermentlər dağılmağa başlayır.
Ekspert qeyd edib ki, təzə bal təkcə şəkərdən ibarət deyil, onun tərkibində fermentlər, vitaminlər, amin turşuları və antioksidantlar mövcuddur. Bu maddələr antibakterial, iltihabəleyhinə və immuniteti gücləndirən təsir göstərir. Temperatur artdıqca balın tərkibindəki antioksidantların səviyyəsi azalır, B qrupu vitaminləri və C vitamini isə demək olar ki, məhv olur.
Xüsusilə balın isti çay və digər qaynar içkilərə əlavə edilməsi riskli sayılır. Mütəxəssis xəbərdarlıq edib ki, bal 100 dərəcədən yuxarı temperaturda qızdırıldıqda şəkərlərin parçalanma məhsulları yaranır. Bu maddələrdən biri olan 5-hidroksimetilfurfurol (HMF) yüksək miqdarda olduqda orqanizm üçün toksik təsir göstərə bilər.
Mütəxəssislər baldan maksimum fayda əldə etmək üçün onu ilıq, lakin qaynar olmayan içkilərə əlavə etməyi və ya birbaşa qəbul etməyi tövsiyə edirlər.






