Hipertoniya arterial təzyiqin davamlı yüksəlməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu vəziyyət yüngül, ağır və çox ağır mərhələlərə bölünür və vaxtında müalicə olunmadıqda ürək-damar sistemi, böyrəklər, beyin və sinir sistemi üçün ciddi fəsadlara yol aça bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, hipertoniyanın bütün mərhələlərində düzgün qidalanma müalicənin əsas və ayrılmaz hissəsi hesab olunur. Pəhrizə əməl edilməməsi damarların zədələnməsinə, orqanların funksiyasının pozulmasına və hətta həyat üçün təhlükəli vəziyyətlərə səbəb ola bilər.

Hipertoniya zamanı qidalanmanın əsas prinsipləri

Yüksək təzyiqdən əziyyət çəkən şəxslər gündəlik rasionlarına xüsusi diqqət yetirməli və bir sıra məhsullardan imtina etməlidirlər.

Hipertoniya zamanı tövsiyə olunmayan məhsullar:

  • Acı bibər, xren, xardal, konservləşdirilmiş və duzlu məhsullar, hisə verilmiş kolbasa və ət məhsulları;

  • Duz – təzyiq üçün ən təhlükəli amillərdən biridir. Dad vermək üçün limon suyu və ya ədviyyatlardan istifadə tövsiyə olunur;

  • Heyvani yağlar: piy, yağlı ət və balıq növləri, kərə yağı, yağlı süd məhsulları;

  • Şirniyyatlar və şəkər: tortlar, pirojnalar, şokolad, şirin xəmir məmulatları;

  • Alkoqollu içkilər, həmçinin tünd çay və qəhvə.

Mütəxəssislər bildirir ki, bu məhsulların rasiondan çıxarılması təkcə hipertoniyadan əziyyət çəkənlər üçün deyil, sağlam həyat tərzi sürmək istəyən hər kəs üçün faydalıdır.

Hipertoniya zamanı faydalı qidalar

  • Buxarda və ya pörtlədilmiş tərəvəzlər;

  • Paxlalılar, dənli bitkilər və qoz-fındıq;

  • Meyvələr, giləmeyvələr və quru meyvələr;

  • Az yağlı süd məhsulları və pəhriz ətləri (mal əti, dana, toyuq, hinduşka, dovşan);

  • Yağsız balıq və dəniz məhsulları;

  • Tam buğda və çovdar çörəyi;

  • Az miqdarda bal və şəkər.

Pəhrizin digər vacib məqamları

Hipertoniya zamanı düzgün içmə rejimi də böyük əhəmiyyət daşıyır. Gün ərzində ən azı 1,5–2 litr su içilməsi tövsiyə olunur. Qazsız su, şəkərsiz kompotlar və zəif çaylar daha məqsədəuyğundur.

Həkimlər vurğulayır ki, hipertoniyadan əziyyət çəkən şəxslər özbaşına pəhriz seçməməlidirlər. Xəstəliyin mərhələsindən və fərdi xüsusiyyətlərdən asılı olaraq, qidalanma rejimi mütləq mütəxəssis tərəfindən müəyyənləşdirilməlidir.

Düzgün qidalanma və sağlam həyat tərzi arterial təzyiqin sabitləşməsinə və həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.