Ət, quş əti və balığın hazırlanmasına xüsusi diqqətlə yanaşmaq lazımdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsulları alandan və ya dondan çıxarandan dərhal sonra bişirməyə tələsmək düzgün deyil.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, heyvan mənşəli məhsulların istehsalı zamanı antibiotiklərdən, böyümə stimulyatorlarından və bəzən hormonlardan istifadə olunur. Bundan əlavə, ət məhsullarında ağır metallar, toksinlər və infeksion maddələr də qala bilər.

Məhz buna görə mütəxəssislər bişirməzdən əvvəl ətlə müəyyən prosedurların aparılmasını tövsiyə edirlər.

Bişirməzdən əvvəl nə etmək lazımdır?

  1. Əti, quş ətini və ya balığı isladın.
    Məhsulu adi və ya mineral suda təxminən 1 saat saxlamaq məsləhətdir. Suya bir az duz və ya limon suyu əlavə etmək olar. Bu üsul zərərli maddələrin qismən çıxarılmasına kömək edir.

  2. İkinci bulyonda bişirin.
    Ət, toyuq və ya balıq qaynadılarkən zərərli maddələrin bir hissəsi suya keçir. Qaynama başladıqdan sonra 10–15 dəqiqə bişirib ilk bulyonu tökmək, sonra isə təmiz su əlavə edərək bişirməyə davam etmək tövsiyə olunur.

  3. Dəri, piy və pərdələri təmizləyin.
    Mütəxəssislərin sözlərinə görə, məhz bu hissələrdə zərərli maddələr daha çox toplanır.

Həkim xəbərdarlığı

Terapevt Lidiya Qolubenko bildirib ki, ət məhsullarında qalan, xüsusilə hormonal aktivliyə malik maddələr insan sağlamlığı üçün ciddi risk yarada bilər.

Onun sözlərinə görə, bu maddələr:

  • Onkoloji xəstəliklərin yaranma riskini artıra,

  • Maddələr mübadiləsini poza,

  • Həm qadınlarda, həm də kişilərdə reproduktiv problemlərə səbəb ola bilər.

Həkim bu barədə Doktor Piter nəşrinə açıqlamasında danışaraq, ətin mütləq şəkildə düzgün emal olunmasını tövsiyə edib.