İmmunitet sisteminin gücləndirilməsi xüsusilə mövsümi xəstəliklərin geniş yayıldığı dövrlərdə prioritet məsələlərdən biri hesab olunur və bu istiqamətdə qidalanma mühüm rol oynayır. Müasir tədqiqatlar göstərir ki, bəzi təbii məhsulların təsiri farmakoloji vasitələrə yaxın ola bilər və onların düzgün istifadəsi xəstəliklərin qarşısının alınmasında effektiv rol oynayır.
Foodinfo.az Medical News Today saytına istinadla xəbər verir ki, terapevt Emili Karter sarımsağın güclü antibakterial və antiviral xüsusiyyətlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, sarımsağın tərkibində olan allicin adlı aktiv maddə patogen mikroorqanizmlərin inkişafını ləngidir və orqanizmin müdafiə mexanizmlərini gücləndirir.
Ekspert qeyd edir ki, sarımsağın müntəzəm və düzgün formada qəbulu yalnız soyuqdəymə və virus infeksiyalarının qarşısını almaqla kifayətlənmir, eyni zamanda iltihab proseslərinin azalmasına da kömək edir. Bu xüsusiyyət xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün əhəmiyyətlidir.
Bundan əlavə, sarımsağın ürək-damar sisteminə müsbət təsiri də qeyd olunur. O, qan təzyiqinin tənzimlənməsinə və damarların elastikliyinin qorunmasına kömək edir ki, bu da ümumi sağlamlıq üçün vacib amillərdən biridir.






