Mətbəxdə çox vaxt tullantı kimi atılan limon qabığının əslində sağlamlıq üçün olduqca dəyərli olduğu bildirilir. Citrus limon meyvəsinin qabıq hissəsi vitamin və antioksidant baxımından zəngindir.

Foodinfo.az xəbər verir ki, limon qabığı yüksək miqdarda C vitamini ehtiva edir. Bu isə immun sisteminin güclənməsinə və orqanizmin infeksiyalara qarşı daha davamlı olmasına kömək edir. Qabıq hissəsində olan flavonoidlər sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyur.

Limon qabığı həzm sisteminə də müsbət təsir göstərir. O, bağırsaq hərəkətlərini dəstəkləyə və köp problemini azaldır. 

Bundan əlavə, tərkibindəki lif maddəsi toxluq hissini artıraraq çəkiyə nəzarətdə yardımçı olur.

Bəzi araşdırmalar limon qabığının ürək-damar sağlamlığını dəstəkləyə biləcəyini də göstərir. Qabıqda olan təbii birləşmələr xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir.

Lakin limon qabığını istifadə etməzdən əvvəl yaxşıca yumaq tövsiyə olunur. Çünki qabıq hissəsində pestisid qalıqları ola bilər. Üzvi limonlara üstünlük vermək daha məqsədəuyğun hesab edilir.