Quzu əti qida dəyəri baxımından zəngin məhsullardan biri hesab olunur. Foodinfo.az NEWS.ru-ya istinadla xəbər verir ki, dietoloq Olqa Luşnikova quzu ətinin xüsusilə B qrupu vitaminləri, dəmir, sink, selen, maqnezium və fosfor baxımından faydalı olduğunu bildirib.
Ekspertin sözlərinə görə, quzu ətində ən çox rast gəlinən vitamin B12-dir. Bu vitamin ağ ət məhsullarında az, bitki mənşəli qidalarda isə ümumiyyətlə yoxdur. Buna görə də, vegan qidalanan şəxslər B12 çatışmazlığı riski ilə daha çox üzləşirlər. B12 vitamini sinir sisteminin normal fəaliyyəti və qırmızı qan hüceyrələrinin yaranması üçün vacibdir.
Mütəxəssis əlavə edib ki, quzu ətində orqanizm tərəfindən asan mənimsənilən hemin dəmiri mövcuddur. Bu maddə hemoglobin və mioqlobinin sintezi, qalxanabənzər vəzin hormonlarının formalaşması və kollagen istehsalı üçün lazımdır. Sink isə reproduktiv funksiyanın qorunması, immun sisteminin gücləndirilməsi və toxumaların bərpası proseslərində mühüm rol oynayır.
Bundan başqa, quzu ətində olan linol və alfa-linolen yağ turşuları qanda xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Tərkibindəki kreatin isə əzələ kütləsinin artımı və qorunması, sümük toxumasının möhkəmliyi, həmçinin yaddaş və diqqətin yaxşılaşmasına müsbət təsir göstərir.






