Arıqlamaq istəyən bir çox insan qida rasionundan yağları tamamilə çıxarır. Mütəxəssislər isə bildirirlər ki, bu yanaşma qısa müddətdə nəticə versə də, uzunmüddətli perspektivdə sağlamlığa ciddi zərər vura bilər. Foodinfo.az RBK-Ukrayna-ya istinadla xəbər verir ki, diyetoloq Svetlana Fus yağların orqanizm üçün əvəzolunmaz olduğunu bildirib.
Onun sözlərinə görə, insan orqanizmində hər bir hüceyrə lipid qişa ilə əhatə olunub. Bu qişa hüceyrəni xarici mənfi təsirlərdən qoruyur və vitamin-mineral maddələrin hüceyrəyə daxil olmasına kömək edir. Əgər hüceyrə membranları düzgün işləməzsə, qəbul edilən vitamin və minerallar lazımi səviyyədə mənimsənilmir, maddələr mübadiləsinin məhsulları isə orqanizmdən çətin xaric olunur.
Diyetoloq qeyd edir ki, azyağlı pəhriz saxlayan və eyni zamanda “yağyandırıcı” preparatlar qəbul edən şəxslər hüceyrələrin normal fəaliyyətini pozaraq vitamin və mineral çatışmazlığı riski yaradırlar. Onun sözlərinə görə, istənilən nəticə əldə olunsa belə, bu, sağlamlıq hesabına baş verir.
Yağlar həmçinin dəri, göz və digər toxumaların sağlamlığı üçün vacibdir. Bundan başqa, kişi və qadın orqanizmində cinsi hormonlar xolesterindən sintez olunur. Rasionda yağ çatışmazlığı kişilərdə testosteronun, qadınlarda isə estrogenin sintezinin pozulmasına səbəb ola bilər.
Mütəxəssis vurğulayır ki, əsas məsələ yağların keyfiyyəti və miqdarıdır. Sağlam qidalanmada yağlar ümumi gündəlik kalori normasının təxminən 30 faizini təşkil etməlidir. Məsələn, gündə 2000 kalori qəbul edən şəxs üçün bu, orta hesabla 70 qram yağa bərabərdir. 1500 kalori ilə qidalanan şəxslər üçün isə gündəlik norma təxminən 50–55 qram təşkil edir.
Həkimlərin fikrincə, rasionda yağların həm həddindən artıq çox, həm də həddindən artıq az olması maddələr mübadiləsinin pozulmasına, piylənməyə və digər sağlamlıq problemlərinə yol aça bilər.






