Düzgün qidalanma uzunömürlülüyə birbaşa təsir göstərir. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, alimlər tərəfindən aparılan genişmiqyaslı araşdırma bəzi qidalanma üsullarına riayət etməyin vaxtından əvvəl ölüm riskini azaltdığını və ömür müddətini uzatdığını göstərib.
Elmi nəticələr “Science Advances” jurnalında dərc olunub. Araşdırmada beş fərqli qidalanma modeli təhlil edilib. Bunlar Aralıq dənizi qidalanma üsulu, yüksək təzyiqə qarşı pəhriz üsulu, bitki əsaslı qidalanma, sağlam qidalanma göstəricisi və şəkər xəstəliyi riskini azaltmağa yönəlmiş qidalanma modelidir.
Tədqiqat çərçivəsində Böyük Britaniyada 100 mindən çox iştirakçının məlumatları araşdırılıb və onlar orta hesabla 10 il ərzində izlənilib. Nəticələr göstərib ki, bu qidalanma üsullarından hər hansı birinə ciddi şəkildə əməl edən şəxslərdə ölüm riski daha az sağlam qidalananlarla müqayisədə 18–24 faiz aşağı olub.
Hesablamalara görə, düzgün qidalanma kişilərdə ömür müddətini təxminən 1,9–3 il, qadınlarda isə 1,5–2,3 il artıra bilər. Tədqiqatçılar qidalanma ilə yanaşı, genetik meyilliliyin də təsirini müqayisə ediblər.
Elmi işdə vurğulanıb ki, hər beş qidalanma üsuluna ciddi riayət edən şəxslərdə ölüm göstəricisi daha aşağı, ömür müddəti isə daha uzun olub və bu nəticə genetik amillərdən asılı olmayıb. Bu isə göstərir ki, sağlam qidalanma uzunömürlülük genlərinə malik olmayan insanlar üçün də faydalıdır.
Mütəxəssislər bildirirlər ki, əsas məsələ konkret bir qidalanma modelinə kor-koranə riayət etmək deyil, ümumi qida keyfiyyətinə diqqət yetirməkdir. Daha çox tərəvəz və meyvə, bütöv dənli məhsullar, çərəzlər və faydalı yağlar qəbul etmək, şəkər və emal olunmuş ət məhsullarını azaltmaq sağlam ömrün əsas şərtlərindəndir.
Tədqiqat müəllifləri qeyd ediblər ki, əsas amil ümumi qida keyfiyyətidir və balanslı yanaşma insan sağlamlığı üçün ən doğru seçimdir.






