Ağız daxilində yaranan aftalar gündəlik qidalanmanı çətinləşdirə və ciddi narahatlıq yarada bilər. Düzgün qida seçimi sağalma prosesini sürətləndirir, yanlış seçim isə ağrını artırır.
Foodinfo.az xəbər verir ki, turş qidalar aft zamanı ən çox qıcıq yaradan məhsullar sırasındadır. Limon, portağal, naringi və turş şirələr yaralı nahiyədə yanma hissini gücləndirə bilər.
Eyni zamanda, acılı və ədviyyəli yeməklər də ağız selikli qişasını qıcıqlandıraraq ağrını artırır.
Çox duzlu qidalar, xüsusilə çips və turşular da aft olan şəxslər üçün tövsiyə edilmir. Sərt və xırtıldayan qidalar – suxarı, quru çörək və bəzi çərəzlər – yaralı nahiyəni mexaniki şəkildə zədələyə bilər.
Bundan əlavə, həddindən artıq isti yemək və içkilər də həssas sahədə narahatlığı artırır.
Aft zamanı ilıq və yumşaq qidalara üstünlük verilməsini məsləhət görürlər. Qatıq, püre halında yeməklər və bol maye qəbul etmək daha uyğun seçim hesab olunur.
Əgər aftalar tez-tez təkrarlanırsa və ya iki həftədən artıq müddətdə sağalmırsa, həkimə müraciət etmək tövsiyə olunur.






