Gündəlik qidalanmada yarmalar mühüm yer tutur və balanslı rasionun əsas komponentlərindən biri hesab olunur. Lakin bu məhsullardan maksimum fayda əldə etmək üçün onların düzgün seçilməsi vacibdir. Keyfiyyətsiz və ya yanlış saxlanılmış yarmalar həm dad, həm də qida dəyəri baxımından zəif olur. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloqlar alış zamanı bir sıra vacib məqamlara diqqət yetirməyi tövsiyə edirlər. Bu sadə qaydalar sağlam və keyfiyyətli məhsul seçməyə kömək edir.

Dietoloq-endokrinoloq Antonina Qureeva bildirir ki, düyü seçərkən onun rənginə xüsusi diqqət yetirmək lazımdır. Yaxşı keyfiyyətli düyü vahid rəngə malik olmalıdır və içində sarımtıl dənələr olmamalıdır. Əgər qablaşdırmada sarı dənələr varsa, bu, məhsulun rütubətli şəraitdə saxlanıldığını göstərə bilər. Bundan əlavə, qırıq dənələrin az olması da keyfiyyət göstəricisi hesab olunur. Daha şəffaf düyü bişirildikdə daha dənə-dənə olur.

Qarabaşaq da ən faydalı yarmalardan biri sayılır. Mütəxəssislər açıq qəhvəyi rəngli və eyni tonlu dənələrdən ibarət məhsullara üstünlük verməyi məsləhət görürlər. Qablaşdırmada xırda qırıntıların və yad qarışıqların az olması vacibdir. Bu, məhsulun təmiz və keyfiyyətli olduğunu göstərir.

Manna yarması xüsusilə uşaqlar üçün geniş istifadə olunur və bu səbəbdən onun seçiminə daha diqqətli yanaşmaq lazımdır. Alış zamanı qablaşdırmanı yüngülcə silkələyərək içində həşərat və ya yad cisimlərin olub-olmadığını yoxlamaq tövsiyə olunur. Mütəxəssislər bildirir ki, M markalı manna daha açıq rəngdə olur və bişirildikdə daha yumşaq tekstura verir. T markalı manna isə daha sərt və sarımtıl olur, bəzi hallarda istehsalçılar bu növləri qarışdırır.

Perlovka və arpa yarması da faydalı məhsullar sırasındadır. Seçim zamanı dənələrin ölçüsünün eyni olmasına və tünd rəngli nümunələrin az olmasına diqqət yetirilməlidir. Arpa yarmasında isə rəngin sarı-boz çalarda olması və içində topa və ya yad qarışıqların olmaması əsas göstəricilərdən hesab olunur. Bu qaydalara əməl etməklə gündəlik qidalanma üçün daha sağlam və keyfiyyətli seçim etmək mümkündür.