Dəniz mənşəli virus insanlarda göz xəstəlikləri yarada bilər.
Alimlər əvvəllər yalnız dəniz canlılarında müşahidə edilən virusun insanlarda da xəstəlik törədə bildiyini açıqlayıblar. Tədqiqat nəticələrinə görə, söhbət xüsusilə krevetlərdə rast gəlinən nodavirusdan gedir.
Məlumata əsasən, Çində qeydə alınan bir neçə klinik halda virus göz iltihabı, göz daxili təzyiqin artması və qlaukomanı xatırladan simptomlara səbəb olub. Bəzi pasiyentlərdə isə görmə qabiliyyətində ciddi zəifləmə qeydə alınıb və cərrahi müdaxilə zəruri olub.
Araşdırmalar göstərir ki, yoluxma əsasən dəniz məhsulları ilə birbaşa təmas və ya onların çiy şəkildə istehlakı ilə əlaqəlidir. Bununla belə, mütəxəssislər virusun insandan insana ötürülməsi ilə bağlı indiyədək hər hansı faktın qeydə alınmadığını vurğulayırlar.
Tədqiqatçılar virusun təbiətdə geniş yayıldığını qeyd edir və əhalini dəniz məhsullarının düzgün hazırlanması və gigiyenik qaydalara riayət olunmasına diqqət yetirməyə çağırırlar (axsam.az)






