Orqanizmin sağlam qalması üçün gündəlik rasionda faydalı və qida dəyəri yüksək məhsulların yer alması mühüm hesab olunur və bu baxımdan püstə xüsusi diqqət çəkir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislərə görə püstə həm lif, həm də zülal baxımından zəngin qida mənbəyidir. Belə ki, 100 qram püstənin tərkibində təxminən 10 qramdan çox lif mövcuddur ki, bu da həzm sisteminin normal fəaliyyəti üçün vacibdir.

Eyni zamanda bu qoz növü orqanizmi vacib minerallarla – maqnezium, kalium, fosfor və mislə təmin edir. Püstə qan dövranını yaxşılaşdırmağa, xolesterinin səviyyəsini tənzimləməyə və ürək-damar sistemini qorumağa kömək edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, gündəlik təxminən 30 qram püstə istehlakı optimal hesab olunur. Bu məhsul həm enerji verir, həm də uzun müddət toxluq hissi yaradaraq artıq qidalanmanın qarşısını almağa dəstək olur.

Həmçinin püstə zehni və fiziki yorğunluğun azalmasına, immun sisteminin güclənməsinə və ümumi sağlamlığın qorunmasına müsbət təsir göstərə bilər. Onu salatlara, əsas yeməklərə və desertlərə əlavə edərək rasionu daha faydalı və müxtəlif etmək mümkündür.