Texnologiyanın sürətli inkişafına baxmayaraq, mütəxəssislər bildirir ki, süni intellekt hələ də həkimlərin yerini tam şəkildə tuta biləcək səviyyədə deyil və insan faktoru tibbdə əsas rolunu qoruyur.

Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, mütəxəssis Maksim Petuxov müasir tibbin yalnız məlumatların analizindən ibarət olmadığını vurğulayıb. Onun sözlərinə görə, həkimlər laborator nəticələr, psixoloji vəziyyət, genetik xüsusiyyətlər və sosial amilləri birləşdirərək kompleks qərarlar qəbul edirlər ki, bu da yalnız təcrübə və çevik düşüncə ilə mümkündür.

Ekspert qeyd edir ki, alqoritmlər məlumatları sürətlə təhlil edə bilsə də, hələlik peşəkar müzakirələr aparmaq, əlavə suallar vermək və hər bir xəstənin fərdi xüsusiyyətlərini nəzərə almaq qabiliyyətinə malik deyil. Bu səbəbdən süni intellekt daha çox köməkçi vasitə kimi çıxış edir.

Onun fikrincə, texnologiyalar həkimlərin işini asanlaşdıraraq onları rutin proseslərdən azad edir və daha vacib sahələrə – xəstə ilə ünsiyyətə, empatiyaya və düzgün qərarların qəbuluna fokuslanmağa imkan yaradır. Gələcəyin tibbi isə məhz texnologiya ilə insan qayğısının düzgün balansında formalaşacaq.