Böyrək çatışmazlığı olan şəxslər üçün düzgün qidalanmanın həyati əhəmiyyət daşıdığı bildirilir. Uyğun pəhriz böyrəklərin üzərinə düşən yükü azaldaraq xəstəliyin gedişini yavaşlada və həyat keyfiyyətini yaxşılaşdıra bilər.
Foodinfo.az xəbər verir ki, belə xəstələr üçün əsas qaydalardan biri duz qəbulunun minimuma endirilməsidir. Çünki artıq duz orqanizmdə maye yığılmasına və yüksək təzyiqə səbəb olaraq böyrəklərə əlavə yük yaradır. Bu səbəbdən hazır və konservləşdirilmiş qidalardan uzaq durmaq tövsiyə olunur.
Həmçinin protein qəbuluna nəzarətin vacibliyi vurğulanır. Qırmızı ət, toyuq və balıq kimi məhsullar tamamilə rasiondan çıxarılmamalı, lakin ölçülü şəkildə qəbul edilməlidir. Artıq protein böyrəklərin işini çətinləşdirə bilər.
Bəzi hallarda kalium və fosfor səviyyəsinə də diqqət yetirilməlidir. Banan, kartof və pomidor kimi kaliumla zəngin qidalar, eləcə də bəzi süd məhsulları məhdudlaşdırıla bilər. Bununla yanaşı, qazlı içkilərin və yüksək fosfor tərkibli məhsulların istifadəsi də azaldılmalıdır.
Maye qəbulu xəstəliyin mərhələsindən asılı olaraq fərdi şəkildə tənzimlənməlidir. Bəzi hallarda suyun miqdarı məhdudlaşdırıla bilər.
Tövsiyə olunan qidalar arasında düyü, makaron, alma, armud kimi meyvələr və aşağı kaliumlu tərəvəzlər yer alır. Eyni zamanda az yağlı balıq və toyuq ətinin də məhdud miqdarda istifadəsi mümkün sayılır.
Hər bir xəstənin vəziyyəti fərqli olduğundan qidalanma planı mütləq həkim və ya dietoloq tərəfindən fərdi şəkildə hazırlanmalıdır. Balanslı və nəzarətli pəhriz böyrək çatışmazlığı ilə mübarizədə əsas şərtlərdən biri hesab olunur.






