Bir çox insan şirniyyatdan imtinanı ən çətin pəhriz addımı hesab edir. Lakin mütəxəssislər bildirir ki, düzgün yanaşma ilə həm şirin dadlardan zövq almaq, həm də sağlamlığı qorumaq mümkündür.

Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, dietoloq və endokrinoloq Olqa Pavlovanın sözlərinə görə, əsas məsələ yalnız şirniyyatın tərkibi deyil, həm də onun günün hansı vaxtında və necə qəbul edilməsidir.

Mütəxəssis bildirir ki, əsas qayda qida qəbulunun düzgün ardıcıllığıdır. Hər bir yeməyə əvvəlcə zülal və liflə başlamaq, daha sonra isə karbohidratlara, o cümlədən faydalı şirniyyatlara keçmək tövsiyə olunur. Məsələn, səhər yeməyində əvvəl yumurta və tərəvəz, sonra isə desert yemək daha məqsədəuyğundur.

Bundan əlavə, desertin miqdarı 100–150 qramı keçməməlidir. Günün vaxtına gəldikdə isə sıyıq, meyvə, giləmeyvə və daha sağlam şirniyyat növlərini günün birinci yarısında — səhər yeməyi və ya naharın sonunda qəbul etmək daha faydalı sayılır.

Axşam saatlarında isə orqanizmin daha rahat işləməsi üçün əsasən zülal və lif tərkibli qidalara üstünlük verilməsi məsləhət görülür. Bu yanaşma həm qan şəkərinin kəskin dəyişməsinin qarşısını alır, həm də ümumi sağlamlığı dəstəkləyir.